• October 11, 2020
  • Language: Azerbaijani

Qarabağ Gözəli

 Ay işığında itirmişəm kölgəni,

bu gecə,

bu gecə tutmuşam körpəni

əlimdə körpə qəlbini

qəlbimə dirən danış qəmini

tükətmə səbrimi

briz üfüləyir yelkənini

qayalar yarır dalğaları, dağıdır gəmini

qaranlıqda itirmişəm səni...

bizi, ikimizi

göylər alışıb yanır

alovlar danışır sanki

qayıtmağa səbəbim yox

yolum yox, evim yox,

amma sirrim çox

bəlkə brizlər əsib itirmiş səni

axtarıram əl izlərini...

Qarabağda. . . 

ucsuz bucaqsız qaranlıqda

tarantula torları aranlarda

düşmən meyidləri torlarda

yalvaran aciz cisimlər qapılarda

qan iyi gəlir bu yalanlardan 

qan ləkələri toz örtmüş daşlarda

ilanlar növbə tutur qalamda

sevgiylə ölüm alın yazımda

qırmızı rənglər payızımda

çapalayan balıqlar qayığımda

qayığım dəryada, ümmanda

axtarıram səni dualarımda

imanım Quranda, eşqim OXU-da

yazırsan məktubunda...

bu məktub uçurumda,

dağıntıda, ay işığında

çatıram ruhuna

səbr elə mələyim

hardasan Qarabağ gözəlim?

ağ paltarlı Qarabağ gəlinim?

dörd nala çapır Bozatım 

reaktiv səsə qaçan tufanım

arxada qoyduğum xatirələr 

silər qayğılar, silər ürəyində nəbzlər

ürəyində tikilən beton divarlar

ürəyində bitən ürəyinə batan tikanlar

ürəyindən əllərinə tökülən qanlı yarpaqlar

yaralı marallar cığırda, ceyranlar…

qanla dolu səngərlər, bataqlıqlar

boş torpaqlarda ölümü gözləyən varanlar

ölümə gedər, qara tarixdə itər

keçmişin ləkəsi, yarası sinəmdə açıq

bu zalımlar yazıq, sığınacaq palçıq...

Səni tapıram, yuxudan oyadıram

mənə bax Qarabağ gözəlim!

mənə bax dənizimə batmış lövbərim!

Azan səsi çox yaxın

gözlərini aç artıq!

Əzminə, gözəlliyinə baş əyirəm

baş əyirəm zəngin mərdliyinə

baş əyirəm bitməz ümman sevginə 

tutmuşam başını, gözlərini aç artıq!

alnından öpürəm 

canından canıma keçir güllərin ətri,

əbədi kainatda əbədi bağların ətri

quşların, çayın səsi...

üfüq kimi düz ürək döyüntələrin

əllərimdə itir əllərin...!

Göyə baxıram içirəm Tanrı qüvvətini

göz yaşlarım alov qəlpələri

qaçıram qaçan kəfənlərə

iki silah belimdə, iki silah əlimdə

hər silahda sonsuz güllə

cəhənnəm yağışı torpağa tapşırır min damcı

hər damcıdan qoparıram min saxta ürək

her evdə buraxıram min sancı

yer üzündən əksik min yalançı

cəhənnəm dərgahında min qamçı

dar ağacı, qan axmayan damarı

qanayan damağı, gözləmirəm sabahı

ildırımlar saçır gözlərimdən

hər hüceyrədə dəliklər açan cisimlərdən

ayrılır milyon qəlpə batır milyon qəlbə

mənə batan kimi, şeytanı parçalayan qüvvə kimi

pələnglərə atıram bölünmüş ruhlar, ürəklər

bəbir pəncəmdə can verən canlar

yox olmuş nəsillər, yox olmuş körpülər

dağılmış binalar, məhv olmuş evlər

sarsılmış ruhsuz bədənlər

ölmüş zehinlər, mənəvi dəyərlər

Qaçıram zirvəyə...!

ay işığında nəfəsin nəfəsimdə

bağışlamıram!

bağışlamıram itkini, səpirəm kini!

Qalxıram zenitə...!

Əzrailə baxıram...

kainatda toqquşan iki ulduzu endirim!

bitirim son nəfəsləri, söndürüm bu qəzəbi!

həvəsiylə qalxır cismim...

Birdən çiynimdə bir toxunuş…!

son zərbədən öncə çevrilir baxışlarım

gözümə sataşır doğma naxışların

baxıram qarşımda Qarabağ gözəli...!

saçların toxunur üzümə...

əllərin qəzəb əllərimi çevirir mehə...

mən axı səni harda itirdim belə...

itirik ay işığında birlikdə bu gecə...

EK©