O Böyük An Bizikmi?
Bir qəlb duydum,
bir göz gördüm
təbiətə qovuşmaq kimi
doğma, incə, susqun…
görəsən səsimi eşidərmi?
Duyarmı bu səssiz duyğuları?
Hiss edərmi məsafədən saçılan sevinci, kədəri…?
Bir səs eşitdim,
musiqisi çox yaxın, tanış
bəlkə bu musiqi yox
gizli, dərin duyğuların səsidi…
Bir əl toxundum…
sanki toxunduğum o biri bir əlimdi
Bir köz gördüm…
elə bildim mənim elə öz qəlbimdi
bəlkə deyil, bəlkə də
yuxudakı üzərinə uzandığım alovların əksidi
bəlkə bu iy
alışdığım güllərin ətridi,
bəlkə bu səs
qulağımı bürüyən dənizdi…
Bir məkan gəzdim…
bəzən yuxarıdan səmada bitən güllər,
bəzən göz qapaqlarımı oxşayan zərifliklər,
bəzən yorğunluğu aparan küləklər,
bəzən ev, bəzən isti ocaq gördüm.
Ey uca Tanrım?!
bu elə bəlkə öz əks sədamdı,
öz kölgəmdi, xəyaldı
bu hisslər də tənhalıqdan parçadı…?!
Bəs Sən kimsən,
Məni yanıldan qoşa ruhum?
Yalnızmısan, qardaşmısan?
Bir dalğayıq, bir dalğadayıq
Bir ruhuq, bir ruhdayıq
Bir yuxuyuq, bir yuxudayıq
Bir evik, bir evdəyik
Axı biz kimik?
Kimsən sən, kiməm mən?
Mən bilmirəm…
Bilmirəm ki, coşan ulduz şüaları kimindi
Bilmirəm bu qovuşduğum cisim səninkidi, mənimki…
Ömrüm boyu gözlədiyim o böyük an bizikmi…?
EK©