Gəlmişəm!
Aydan səpilir dualarım
işığın kölgəsində üzə çıxan damarlarım
daşıyır Qarabağ qanı
istər məni tanı
istərsə də tanıma Qarabağın Zümrüd Tacı!
canımdan yüksəlir xatirə qəlpələri
buraxmamış bu dağlar məni
hər daşdan əksi gəlir Xanın səsi
yaralı könlümü sağaldır Qarabağın Şikəstəsi
ay toqquşmuş sinəmə
ay işığı qəlbimə
qan tərlə qalxmışam zirvənə
tarın havası, azan səsi gəlir qulağıma
sancaqlanmış bayrağım ruhuma
qayıtmışam Şuşama!
qoca əlimi tutub gətirmişəm uşaqlığıma
gətirmişəm gəncliyimi yarı dağınıq Qalama
nənəm toxuyan xalçanı açmışam bağrında...
tərk eylər sinəmi həyatın daşı
yaddaşımda yalnız yallı və köz başı
əllərin incə, silər hərdən göz yaşı
arxaya baxma! qapındakı ordun şanlı!
qılınclar səpələnmiş önümüzə
hərəsi bir igid sapı
çaxan ildırımlar qalar əbədiyyət məşəlləri
yüksəlirik...
buluddan çiskinləyən,
gözlərimizi açar könlümün önündəki bağa
gəlmişəm baba!
cavanlığımı aramağa, həvəsimi tapmağa
suyunu içdiyin bulağın dadına
ayaq basıb misralar yazdığın torpağa
gəlmişəm başı uca!
Qartalın caynağından tutmağa
bir daha buradan getməməyin andını verib
Qurana əl basmağa
gəlmişəm!
əfvə, qüdrətə, şana, cana, bağa gəlmişəm...
sipərim sınıq, canım möhkəm
alar məni ruhun, buxarlandırar, qaldırar
səpər bu diyara ümid yağışı kimi
saçılar qəlpələrim yollar yaradar
sevincdən qayada gəzən qoç kimi
buynuzlarım meydanları darayar
O yaradar, bizə xatırladar, biz baxar
dualar bizi hicr edəcəyimiz məkanlara
çatdırar, zaman damcılarına bağlayar
gəlmişəm!
sənsiz peykim tənha
ayın gözləri məni izlər, baxıram aya,
ay işığına
peykimə,
gözlərimə nur saçan eşqimə, sənə...
Qarabağdan yüksələr dualarım Sənə...
gəlmişəm!
EK©